Xəbər kateqoriyası: Cəmiyyət ,

Tarix: 2013-05-28 19:19

Zəmanəmizin qəhrəmanı: həyatda və ədəbiyyatda…



  • Поделиться
    0



Yazıçılar da bu gün ədəbiyyatda və kinoda nümunəvi gənc obrazlarının olmadığı fikrini təsdiqləyir.

"Bu yaxınlarda yazıçılardan biri ilə mübahisə zəminində dedim ki, siz yüzlərlə əsər yaza bilərsiniz, amma hanı əsərlərinizdə nümunəvi Azərbaycan gəncinin obrazı ki, gələcəkdə bu əsərə baxıb kino çəkilsin və gələcək nəslin tərbiyəsində təbliğat kimi istifadə edilsin?” Bu fikirləri Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov YAP Gənclər Birliyinin təşkilatçılığı ilə "Gənclərin dövlətin ictimai-siyasi həyatında rolu” mövzusunda keçirilən seminarda səsləndirib. PA rəsmisi təəssüflə qeyd edib ki, yazıçı və şairlərimiz hələ də nümunəvi Azərbaycan gəncinin obrazını ortaya qoymayıblar: "Bu məsələ şair və yazıçıların üzərinə ciddi məsuliyyət qoyur”. 
Siyasiləşdirmədən və ideolojiləşdirmədən

Gerçəkdən Azərbaycan ədəbiyyatında, kinosunda gənclərə və gələcək nəsillərə örnək ola biləcək nümunəvi qəhrəmanlar tapmaq çətindir. Yazıçılar qəhrəmanlıq əsərləri yazmırlar. Bəstəkarlar qəhrəmanlıqla səsləşən, vətənpərvərliyə səsləyən əsərlər bəstələmirlər. Teatrlarda gənc nəsli vətənpərvərliyə çağıran əsərlər səhnələşdirilmir. Televiziyaların bu istiqamətdə təbliğatı bərbad vəziyyətdədir. Belə bir şəraitdə, xüsusən yazıçı və şairlərin qarşısında mühüm vəzifə durur. 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov da mətbuata açıqlamasında ədəbiyyatımızda bu mövzuda əsərlərin çox az olduğunu bildirib: "Gənclərin həyat tərzini, mübarizəsini, üzləşdikləri problemləri, qarşıya qoyduğu məqsədi və s. tərənnüm edən yazılar yazılmır. Mən düşünürəm ki, bu sahədə yazıçı adına iddia edən gənc yazarlar fəaliyyət göstərməlidir. Ədəbiyyat elə bir sahədir ki, ona hökm etmək olmaz”. 

Millət vəkili hesab edir ki, bu məsələdə Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də televiziya və radionun üzərinə böyük məsuliyyət düşür. Belə ki, bu yönümdə müxtəlif müsabiqələr, təqdimatlar keçirilməli, bu sahədə yazılar yazılması üçün həvəsləndirici mükafatlar təsis edilməlidir: "Eyni zamanda, ədəbi tənqidimizi, ədəbiyyat ideoloqlarımızı da günahlandırmaq olar. Çünki az araşdırma aparırlar, təkliflər vermirlər”.

Nizami Cəfərov həmçinin təkcə gənclərlə bağlı deyil, uşaq ədəbiyyatımızın da acınacaqlı vəziyyətdə olduğunu qeyd edib: "Təhsil Nazirliyinin bu işdə xüsusi məsuliyyəti var. Uşaqlar üçün yaxşı əsərlərin yazılmasını stimullaşdırmaq lazımdır. Əvvəlki dövrdə çox yaxşı nümunələr vardı ki, onlardan tamamilə imtina edilib”. Millət vəkilinin fikrincə, bu məsələləri siyasiləşdirmədən və ideolojiləşdirmədən sadəcə bir mədəniyyət hadisəsi kimi gündəmə gətirmək, bu istiqamətdə işlər görmək lazımdır.

"Ulduz» jurnalının baş redaktoru Elçin Hüseynbəyli bu gün ədəbiyyatda və kinoda nümunəvi gənc obrazların olmadığı fikrini təsdiqləyir: «Epizodik şəkildə belə obrazlar var, amma fundamental şəkildə yoxdur. Məsələn, Mübariz İbrahimov qəhrəman bir gənc idi. Biz onun obrazını örnək kimi cəmiyyətə təqdim etməliydik. Amma onun haqqında nə qədər əsərlər yazılsa da, biz onu cəmiyyətə təqdim edə bilməmişik. Bu baxımdan mən də ədəbiyyatda belə bir obraz görməmişəm». E.Hüseynbəylinin fikrincə, Azərbaycan sovet dövründəki kimi ideoloji ölkə deyil. Ötənlərdə olduğu kimi Kommunist Partiyası və ya qurultaylar tərəfindən hansısa qərarlar qəbul edilmir və yazıçılara tövsiyə olunmur: «Biz demokratik bir ölkəyik. Həmin ideoloji məsələ bizim milli-mənəvi, vətəndaşlıq məsələmizdir və bu istiqamətdə ciddi düşünməliyik». Yazıçı-dramaturq hesab edir ki, örnək ola biləcək obrazların üzərində işləmək üçün həm də dövlətin sifarişi olmalıdır. Belə ki, roman yazan, film çəkən yaradıcı insanlar bir yerə yığılmalıdır. "Görünür, təşkilati baxımdan da hansısa işləri görməyə ehtiyac var”. E.Hüseynbəyli hesab edir ki, örnək obrazların yaranacağı təqdirdə gənclər onları özünə nümunə götürə bilir və ya hansısa qəhrəmanın yolu ilə getmək istəyirlər: «O vaxt Mehdi Hüseynzadənin obrazı yaradıldı və gənclər bu obraza baxaraq onun kimi olmaq istəyirdilər. Həmçinin rus filmlərinə baxıb onların qəhrəmanlarına oxşamağı, onlar kimi vuruşmağı arzulayırdılar. Bunun böyük mənəvi, ciddi, ideoloji təsiri var». 

E.Hüseynbəylinin fikrincə, dərsliklərdə də bu məsələlərə toxunmaq lazımdır: «Əvvəlki ədəbiyyatımızdan örnəklər indiki ədəbiyyatımızda yer alır. Amma bugünkü örnək obrazlarla bağlı dərsliklərdə problemlər var. Əgər özümüzünkü yoxdursa da nəsə eləmək lazımdır. Bizim Qarabağ problemimiz var. Qəhrəman yoxdursa, da onu uydurmaq lazımdır». 

E.Hüseynbəyli uşaq ədəbiyyatının vəziyyətinə də toxunaraq son vaxtlar müəyyən nümunələrin yaranmasına baxmayaraq, bu sahədə də müəyyən geriliyin olduğunu bildirib: «Az-az nümunələrimiz yaranır. Ancaq uşaq ədəbiyyatı ilə maraqlananlar çox azdır. Görünür, uşaq ədəbiyyatının təbliğinə ciddi fikir vermək lazımdır. Mənə elə gəlir ki, bu, yüksək səviyyədə öz həllini tapmalıdır. Uşaq ədəbiyyatı ilə bağlı konfranslar keçirmək, «Nə üçün qəhrəman obrazlar yoxdur?» fikirlərini müzakirə etmək olar».

Yəqin ki, yaranacaq

Fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov da bu gün müasir ədəbiyyatda çağdaş həyatın dərin, alt qatdakı proseslərini əks etdirən əsərlərin olmadığını bildirib: "Təəssüf ki, son illər inkişafın hərəkətverici qüvvələrini, insan enerjisinin potensialının ictimai inkişafımıza çevrilməsinin dialektiikasını açan əsərlərə rast gəlməmişəm. Biz bu gün tarixi mövzuda olan əsərlərə daha çox üz tuturuq. Bu da vacibdir. Ancaq bugünkü həyatın özəllikləri, bugünkü gəncliyin yönümü, aparıcı qüvvələr, prioritetlər, onların qarşılarına məqsəd qoyduqları böyük amalları əks etdirən ədəbiyyata daha çox ehtiyac var. Təəssüf ki, bu cür əsərlər mənə də rast gəlməyib. Üzə çıxan, nüfuz qazanan, oxucu kütləsinin marağına səbəb olan ədəbi hadisəyə çevrilən, oxucu müzakirəsinə çevrilən bir əsər olsaydı, biz bu barədə xəbərdar olardıq. Təəssüf ki, belə əsərlər yoxdur. Ancaq yəqin ki, yaranacaq!» 

Yazıçı-dramaturq Natiq Rəsulzadə hesab edir ki, nümunəvi obrazlar həyatın özündə var və onları elə həyatdan götürmək lazımdır: "Sovet dövründə Pavel Korçaqin kimi obrazlar dəbdə olub. Nümunəvi obrazlar yaradan yazıçıların borcudur ki, bu cür obrazlar yaratsınlar və istiqamətdə əsərlər yazsınlar. Hazırda Yazıçılar Birliyində 2000-ə yaxın yazıçı var. Onların hamısından da nümunəvi obrazlar yaratmağı tələb etmək olmaz. Hər yazıçının öz mövzusu və istiqaməti var. Nə qədər yaxşı əsərlər olsa, həmçinin o qədər də Azərbaycanın ədəbiyyatı dünyaya tanınar”. 

Dünya Gənc Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı hesab edir ki, ölkənin yeni nəsil yazarları arasında Azərbaycan gəncliyinin arzu və istəklərini bu və ya digər dərəcədə ifadə edən qələm adamları var. Belə ki, Mübariz İbrahimovun qəhrəmanlığı ilə bağlı kitablar yazılıb». Ə.Qoşalı hesab edir ki, nümunəvi obraz həyatda olmalıdır və sonra onun haqqında əsər yazılmalıdır: «Şair və yazıçı öz qəhrəmanını həyatdan götürdükdə, əli çatan bir insan haqqında yazdıqda o, daha təsirli olur. Bir də var, yazıçı obrazı öz xəyal dünyasından gətirərək təqdim edir. Hesab edirəm ki, birinci hal daha məqsədəuyğundur. Biz də bu cür əsərləri görmək istəyirik”. Ə.Qoşalı hesab edir ki, mövzusundan asılı olmayaraq hər hansı uğurlu şeir və ya nəsr əsəri gəncliyə, yeni nəslə və bütövlükdə mədəniyyətimizə xidmət edir: "Hesab edirəm ki, yeni nəsil aydınları bu fikirlərdən özləri üçün nəticə çıxaracaq. Çünki belə bir nəticəyə varmaq bizim bütövlükdə dövlətimiz üçün faydalı və zəruridir». 

Millət vəkilləri, ziyalılar və sadə oxucular "ədəbiyyatda gənc nəslə örnək ola biləcək qəhrəman” mövzusuna ehtiyac olduğunu dilə gətirərək bu mövzulu əsərlərin yazılmasını istəyirlər. Həm də çoxu bu cür qəhrəmanların sifarişlə yaranmadığı qənaətindədir. Çünki, həyatda, xalqın içindən çıxan qəhrəmanlar olub və bu gün də var. Sadəcə, onları görmək, auditoriyaya təqdim etmək, ədəbiyyatın yaşarı vəzifəsi kimi təbliğatını həyata keçirmək lazımdır. Müsbət obrazlara, qəhrəmanlıq əsərlərinə həmişə ehtiyac var. Xüsusən müharibə şəraitində yaşayan ölkələrdə... Müsahiblərimdən birinin dediyi kimi, "Qəhrəman yoxdursa, da onu uydurmaq lazımdır”.

Kaspi.az

Oxunub: 107