Xəbər kateqoriyası: Cəmiyyət , Sağlamlıq ,

Tarix: 2013-07-30 19:51

Leykozun yaranma səbəbi məlum deyil



  • Поделиться
    0



Ölkədə 224 uşaq bu xəstəlikdən əziyyət çəkir

Keçən əsrin qorxulu xəstəliklərindən olan leykoz (qan xərçəngi) xəstəliyi onkoloji xəstəliklər qrupuna aid olub, qan yaradıcı sisteminin şiş xəstəliyidir. El arasında bu xəstəlik "ağ qan qırmızı qanı yeyən xəstəlik" kimi tanınır. Belə ki, əsas qanyaradıcı orqan olan sümük iliyində şiş hüceyrələrin inkişafı normal qanyaranmanın qarşısını alır, qırmızı qan kürəciklərinin miqdarı tədricən azalaraq elə bir həddə çatır ki, qan doğrudan da "ağarır". Ancaq qeyd etmək lazımdır ki, bu xəstəlikdə təkcə qırmızı qan kürəcikləri deyil, eyni zamanda həyat üçün vacib olan normalleykositlərin və trombositlərin də miqdarı kəskin azalır və nəticədə müxtəlif xarakterli qanaxmalar, infeksion fəsadlar üzə çıxır. 

Son zamanalar bu xəstəlik demək olar ki, sürətlə artır. Yaşından asılı olmayaraq, hamının yoluxa biləcəyi bu xəstəlikdən daha çox uşaqlar əziyyət çəkir. 

"Leykemiya ilə mübarizə" İctimai Birliyinin sədri Mehriban Bağırovanın sözlərinə görə, bu xəstəlik əsasən sümük iliyində yaranır və sonralar bədənin digər orqanlarına sirayət edir. Xəstəliyin inkişafındakı bu mərhələli gediş çox zaman orqanizmdə yaranmış bəd xəssəli prosesin vaxtında duyulmasına çətinlik yaradır və yalnız xəstəlik öz sözünü demiş olduqdan sonra başa düşülür. Vaxtında aparılmayan müalicə xəstənin ölümü ilə nəticələnir. 

Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, bu xəstəliyin rast gəlmə tezliyi 10000013-dir. Yəni 100 000 insandan 13-ü bu xəstəliyə tutulur. Ancaq ümumilikdə götürdükdə potensial olaraq hər bir kəs bu xəstəliyə yoluxa bilər. Bütün insanlar yaşından, irqindən, cinsindən asılı olmayaraq anadan onkogenlə doğulur. Və bu onkogeni, yəni şiş hüceyrəsi yaradan geni bütün ömrü boyu daşıyır. Normal halda bu genin fəaliyyəti, daha doğrusu fəaliyyətsizlyi orqanizm tərəfindən idarə olunur. Başqa sözlə desək, orqanizm müxtəlif təsir mexanizmindən istifadə edərək bu genin aktivləşməsinin qarşısını alır. Ancaq həyatın gedişində bir çox amillərin təsiri altında gen aktivləşə bilir və xəstəliyin yaranmasına səbəb olur. Bura həm daxili, həm xarici faktorlar aiddir. Xarici faktorlar içərisində ekoloji faktorları, ən əsas radiasiya faktorunu, ximikatların məişətə tətbiqi amilini qeyd etmək lazımdır. Radiasiya faktorunun gen aparatına göstərdiyi dağıdıcı təsir mutasiya dəyişikliklərinin yaranmasına təkan verir və bu da xəstəliyin yaranmasına səbəb olur. 

Həkim onkoloq Azər Hacıyevin sözlərinə görə, leykozun bir neçə forması var. Kəskin, xroniki, limfoblast, mieloblast leykozlar. "Xəstəlik ən çox 2-8 yaşlı uşaqlarda müşahidə edilir. Leykoz zamanı sümük iliyində çox sayda anormal hüceyrə çoxalır və normal qan hüceyrələrinin yerini tutur. Bu səbəblə xəstə infeksiyalara yoluxma və qanaxmaya meyilli olur. Sümük iliyindən başlayan leykoz bədənin başqa yerlərinə də yayıla bilər". 

Həkim deyir ki, leykozun konkret yaranma səbəbi bəlli deyil. Amma Daun sindromu kimi xromosom çatışmazlıqları xəstəlikləri, genetik xəstəliklər, viral infeksiyalar, yüksək dozada radiasiyaya məruz qalma və ya kimyəvi maddələrə məruz qalma səbəb ola bilər. A.Hacıyevin dediyinə görə, Türkiyə elm adamlarının araşdırmalarında son illərdə siqaret çəkən anaların uşaqlarında bu xəstəliyin görünmə tezliyinin artdığı müəyyən olunub. Mütəxəssislər ana südü ilə qidalanan uşaqlarda leykozun az görüldüyünü bildirirlər: "Leykoz nəfəs çatışmazlığı, hərarətin artması, iştahsızlıq, halsızlıq, çəkinin azalması, göyərmə və qanaxma (burun qanaması, diş əti qanaxması), gecə tərləmələri, sümük və oynaqlarda ağrı, sağalmayan infeksiyalar, qarında şişlik (qaraciyər və dalağın böyüməsinə bağlı ), limfa vəzilərinin şişməsi ( oyun, qolaltı və qasıqda) özünü büruzə verir". 

Həkimin fikrincə, uşaqlıq çağlarında olan leykozlar sağala bilən leykozlardır. Xəstəlik kimya-terapiya, dərman vasitəsi, radio-terapiya və sümük iliyi nəqli ilə müalicə edilir. Sümük iliyi nəqli nadir hallarda həyata keçirilir. Leykoz xəstələrin sağalma şansı 75 faizdir. 

"Leykemiya ilə mübarizə" İctimai Birliyinin sədri Mehriban Bağırova bildirir ki, ölkəmizdə hal-hazırda 224 uşaq bu xəstəlikdən əziyyət çəkir. "Son iki ayda 5 uşaq bu xəstəlikdən vəfat edib. 5 uşaqdan ikisi transplantasiya edilməli idi, pul olmadığı üçün tələf olublar. 3 uşaq da isə transplantasiya hazırlıqları gedirdi, sadəcə xəstəliyə dözə bilmədikləri üçün vəyat ediblər. Ölən uşaqlar 10 aylıq və 7- 8 yaş arasında olub". 

M.Bağırova onu da bildirib ki, qeydiyyatda olan uşaqlar 1-16 yaş arasındadır. "Hal-hazırda bizdə olan məlumata əsasən 7 yaşlı Ağayeva Bənövşə Zaur qızına sümük iliyin köçürülməsi vacibdir. Onun müalicəsi İran İslam Respublikasında aparılır". 

Ekspress.Az



Oxunub: 342