Xəbər kateqoriyası: Siyasət ,

Tarix: 2013-10-09 09:01

Azərbaycanda prezident seçkiləri başladı - YENİLƏNİB



  • Поделиться
    0



9:01

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində səsvermə başlayıb.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında seçkilərə hazırlıq prosesi barədə məlumat verib, hazırlığın yüksək səviyyədə aparıldığını deyib. O, seçki prosesinin Seçki Məcəlləsinə uyğun keçməsi üçün MSK-nın bütün lazımi tədbirləri gördüyünü bildirib.
 
Sonra MSK sədri səsvermənin başlandığını elan edib.
 
Dövlət himninin səslənməsi ilə səsverməyə start verilib.
 
Seçkilərdə 10 namizəd iştirak edir.

Bunlar hazırkı dövlət başçısı, YAP sədri İlham Əliyev, BAXCP sədri Qüdrət Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədov və namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucdur.    
 
Ölkə üzrə 5 milyon 145 min 643 nəfər səsvermə hüququna malikdir. Seçicilər 125 Seçki Dairəsi üzrə 5491 seçki məntəqəsində səs verəcəklər. Seçki məntəqələrinin 5273-nün fəaliyyəti daimi, 219-nun fəaliyyəti isə müvəqqəti xarakter daşıyır.
 
Səsvermə saat 19.00-da başa çatacaq. Bundan sonra səslərin sayılmasına başlanacaq. Mərkəzi Seçki Komissiyası səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə - 10.00, 12.00, 15.00, 17.00, 19.00-da ilkin məlumatlar yayacaq. 

Azərbaycandan kənarda yaşayan seçicilər üçün xarici ölkələrdə olan diplomatik nümayəndəliklərdə 38 seçki məntəqəsi yaradılıb. Xaricdə 12 mindən artıq seçici səs verə biləcək. 
 
Məkkədə Həcc ziyarətində olan Azərbaycan vətəndaşları üçün də səsvermədə iştirak üçün şərait yaradılıb. Səsvermə prosesinin həyata keçirilməsi üçün Məkkə şəhərində 1 seçki məntəqəsinin yaradılıb. Bu məntəqədə 3700-ə yaxın Azərbaycan vətəndaşının səsvermədə iştirakı təmin ediləcək.
 
Seçkilər ümumilikdə 52 000-dək yerli müşahidəçi tərəfindən izləniləcək. Seçkidə 100-ə yaxın ölkədən müşahidəçi iştirak edəcək. ATƏT, ATƏT PA, AŞPA, Avropa Parlamenti, MDB PA, eləcə də ayrı-ayrı ölkələrdən müşahidə missiyaları seçki prosesini izləyəcək. 
 
Səsvermə prosesi 119 Seçki Dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izləniləcək.  
 
Seçkilərdə "exit-poll” təşkil olunub. Yerli təşkilatlarla yanaşı, beynəlxalq təşkilatlar da "exit-poll” keçirəcək. "Exit-poll” keçirəcək təşkilatlardan biri ABŞ-ın nüfuzlu AJF şirkətidir. Bu şirkət "exit-poll”u "APA Holding” MMC-nin dəvəti əsasında keçirəcək.


 *****

"Seçici siyahısında 5 145 000 nəfərin adı var. Onlar 5492 məntəqədə səs verəcəklər”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransında deyib.
 
O bildirib ki, seçki məntəqələrinin 219-u müvəqqəti olaraq 5 gün müddətinə yaradılıb. M.Pənahov adı seçici siyahısında olmayan vətəndaşları narahat olmamağa çağırıb: "Dünyanın heç bir yerində ideal seçici siyahısı yoxdur. Adı seçici siyahısında olmayan seçici məntəqəyə gələrək, müvafiq sənədini göstərir və onun adı əlavə seçici siyahısına daxil edildikdən sonra bülletenlə təmin olunur və həmin vətəndaş səsvermədə iştirak edir”.

O, müşahidəçilərin ümumi sayının 52 min olduğunu deyərək, beynəlxalq müşahidəçilərin isə 1400 nəfərə yaxın olduğunu da qeyd edib. Yerli KİV nümayəndələri üçün qeydiyyat tələb olunmadığını deyən M.Pənahov bildirib ki, seçkiyə hazırlıq mərhələsi tam olaraq yekunlaşıb.


Oxunub: 226